Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayon (şəhər) mərhələlərinin qalibləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirib. Təşkilatçı qurumların, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, “Şahin” hərbi-idman oyununun təşkilində başlıca məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Yarış iştirakçıları sıra hazırlığı, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, intellektual müsabiqə, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ 10 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.
Qiymətləndirməyə əsasən, ən yüksək göstərici “Naxçıvan”a məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubadı və Kəngərlini təmsil edən heyətlər yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun ölkə üzrə final mərhələsi iyun ayında Bakı şəhərində reallaşacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti